Branimir Subaşiç “Sabah”ın düşərgəsində

Futbol üzrə Azərbaycan milllisinin sabiq hücumçusu Branimir Subaşiç Belqradda səfərdə olan “Sabah”ın düşərgəsinə baş çəkib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq “Sabah” cavab oyunu üçün hazırda Belqraddadır. “Sabah”ın prezidenti Maqsud Adıgözəlov Belqradda Azərbaycan millisinin keçmiş üzvü Branimir Subaşiçlə görüşüb. Sabiq hücumçuya “Sabah”ın 10 nömrəli forması hədiyyə edilib. Subaşiç görüş zamanı Azərbaycan komandasına bugünkü oyunda uğurlar arzulayıb.

“Sabah”la “Partizan” arasında bir həftə öncə Masazırda keçirilmiş ilk oyunda Azərbaycan təmsilçisi 2:0 hesabıyla qalib gəlib. Bu gün “Partizan”ın stadionunda keçiriləcək cavab görüşünə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, Branimir Subaşiç 2007-2013-cü illər aralığında formasını geyindiyi Azərbaycan millisində 40 oyuna çıxıb, 7 qola imza atıb. Keçmiş hücumçu ölkəmizdə “Xəzər Lənkəran”, “Qəbələ”, “Qarabağ” və “Neftçi” klublarının da uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: