UEFA ilin oyunçusu və məşqçisi mükafatına namizədləri açıqladı

UEFA 2022/2023 mövsümünün yekunlarına əsasən, ilin ən yaxşı oyunçusu və məşqçisi mükafatına namizədləri açıqlayıb.

Arena.az bu bardə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.

Ən çox səs toplayan ilk üç namizədin adı, bir çox futbol mütəxəssislərinin də qənaəti ilə üst-üstə düşür. Üçlüyə PSJ-nin sabiq futbolçusu, hazırda MLS təmsilçisi “İnter Mayami”də çıxış edən argentinalı ulduz hücumçu Lionel Messi, norveçli qolçu, “Mançester Siti”nin hücumçusu Erlinq Haland və “şəhərlilər”in digər bir futbolçusu, belçikalı yarımmüdafiəçi Kevin De Bröyne daxildir.

Messinin uğur amili onun 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında göstərdiyi yüksək səviyyəli oyun və qazandığı dünya çempionluğu tituludur.

Erlinq Haland özünün “qol maşını” keyfiyyətlərinə ümid edə bilər.

Kevin de Bröyneyə gəlincə, belçikalı yarımmüdafiəçi ötən mövsüm üçqat uğura imza atmış Xosep Qvardiolanın “Mançester Siti”sinin “uğur çubuğu” olub, komandanın oyun quruculuğunda müstəsna rol oynayıb.

Məşqçilərə gəlincə, “Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiolanı “İnter”in italyan çalışdırıcısı Simone İnzaqi və onu həmvətəni, “Napoli”nin sabiq baş məşqçisi Luçano Spalletti təqib edirlər.

İlkin olaraq səsvermə üçün ötən mövsümün ən yaxşı məşqçilərinin qısa siyahısı tərtib edilib. Daha sonra ötən mövsüm Avropa yarışlarında çıxış etmiş klubların baş məşqçiləri ilə UEFA-ya üzv ölkələrin yığma komandalarının məşqçiləri arasında səsvermə yolu ilə ilk üçlük müəyyənləşib. Həmçinin seçicilər arasında bu məqsədlə xüsusi seçilmiş jurnalistlər də olub.

Xosep Qvardiola “Mançester Siti” ilə İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanmaqla, “trebl”ə imza atıb. Bu da “şəhərlilər”in tarixində ilk müvafiq uğurdur. Mütəxəssislərin fikrincə, məhz bu amil Qvardiolanın qalib olmaq şanslarını artırır.

Simone İnzaqi “İnter”lə A Seriyasında “bürünc”lə kifayətlənsə də, “neradzurri”yə İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazandırıb və Çempionlar Liqasının finalına yüksəlib. Finalda İnzaqinin çalışdırdığı kollektiv Qvardiolanın “Mançester Siti”sinə minimal hesabla məğlub olaraq “gümüş”lə təsəlli tapıb.

Luçano Spalletti isə “Napoli”yə uğurlu rəhbərlik edərək, neapollulara son 33 ildə ilk dəfə İtaliya çempionluğunu qazandırıb.

Qaliblərin adı avqustun 31-də Çempionlar Liqasının 2023/2024-cü il mövsümünün qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: