AÇ-2023: Azərbaycan millisi ilk sınağına çıxır

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2023) final mərhələsində mübarizəyə start verəcək.

Arena.az xəbər verir k, türkiyəli mütəxəssis Ataman Güneyligilin baş məşqçisi olduğu komandamız Çexiya yığması ilə üz-üzə gələcək.

Almaniyanın Düsseldorf şəhərində baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Millimizin yer aldığı C qrupunun digər matçında bu gün İsveç və Türkiyə yığmasları üz-üzə gələcəklər.

Xatırladaq ki, Azərbaycan millisi AÇ-2023-də Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Reqlamentə əsasən, qrupda ilk 4 pillədə qərarlaşacaq komandalar 1/8 finala yüksələcəklər.

Yeri gəlmişkən, Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi də qitə birinciliyində millimizin qrup oyunlarının keçirildiyi Almaniyanın Düsseldorf şəhərinə yollanıb. AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvü Elqar Bağırov və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri komandamızın ötən gün baş tutan son məşqində olublar.

Məşqdən öncə federasiya rəhbərliyi voleybolçularımız və məşqçilər korpusu, eləcə də digər nümayəndə heyəti ilə görüşüb. Onlara komandanın hazırkı vəziyyəti və oyunçularımızın səhhəti ilə bağlı məlumat verilib. Bildirilib ki, komandada əhval-ruhiyyə yüksəkdir və ciddi zədələr yoxdur, voleybolçularımız yarışa tam hazırdırlar.

Şahin Bağırov millimizə ilk qarşılaşmada və bütün oyunlarda uğurlar arzulayıb. Azarkeşlərin də səbirsizliklə yarışın başlanmasını gözlədiyini deyən Bağırov bildirib ki, həm federasiya, həm də bütün voleybolsevərlər oyunçularımızı dəstəkləyir və hər zaman komandamızın yanındadırlar.

Sonra federasiya tərəfindən voleybolçularımıza surpriz olaraq hazırlanan millimizə həsr olunmuş “Çempion” adlı mahnı səsləndirilib. Bundan başqa, AVF rəhbərliyi günün əvvəlində də voleybolçularımıza surpriz edərək onlara gül dəstələri hədiyyə edib.
Daha sonra federasiya rəhbərliyi yığmamızın “Castello Düsseldorf” arenasındakı məşqini izləyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: