Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2023) final mərhələsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, C qrupunda yer alan yığmamız Almaniyanın Düsseldorf şəhərində reallaşan ikinci görüşündə meydan sahibləri ilə qarşılaşıb.
Ataman Güneyligilin yetirmələri almanlarla matçın yalnız bir setində rəqibdən güclü olublar. Ancaq bu, uğurlu nəticə üçün kifayət etməyib. Yekunda millimiz almanlara 1:3 (13:25, 22:25, 25:12, 14:25) hesabı ilə məğlub olub.
Bu gün baş tutan qrupun digər qarşılaşmasında Yunanıstan komandası İsveç millisinə 3:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, yığmamız ilk turda Çexiya millisi ilə qarşılaşmış və 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbəyə sevinmişdi.
Azərbaycan millisi qrupda üçüncü oyununu avqustun avqustun 20-də Türkiyə yığmasına qarşı keçirəcək. Bu qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Türkiyə millisi ilk turda İsveçi 3:0 hesabıyla yenib.
Azərbaycan yığması Avropa çempionatında bu oyunçularla mübarizə aparır:
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova;
Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko;
Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko;
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil.
Avropa çempionatı sentyabrın 3-nə qədər davam edəcək. Qitə birinciliyinə Belçika, İtaliya, Almaniya və Estoniya birgə ev sahibliyi edirlər. Azərbaycan yığması AÇ-2023-də Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparır.


