Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Tailand çempionatının 2023/2024 mövsümünün 2-ci turu çərçivəsində baş tutan “Lampun Uorrior”la matçın iştirakçısı olub.
“Buriram Yunayted” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 3:0 hesablı qələbəyə sevinib. Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu 79-cu dəqiqədə əvəzlənib. Komandasının bu oyundakı ilk qolunu da Şeydayev vurub. O, 6-cı dəqiqədə fərqlənməklə həm Tailand çempionatında, həm də yeni klubunda ilk rəsmi qoluna imza atıb.
Bu nəticədən sonra 4 xala malik “Buriram Yunayted” 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də kubokun qalibi olub.
Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb.


