“Sabah” bir müddət öncə öz istəyi ilə klubdan ayrılaraq Səudiyyə Ərəbistanı “Əl-Faysal”ına keçən Coy-Lens Mikels haqqında bəyanat yayıb.
Arena.az xəbər verir ki, paytaxt klubunun rəsmi saytı vasitəsilə açıqladığı bəyanatda bunlar qeyd olunub:
“Qısa müddət öncəyə kimi “Sabah” ailəsinin bir parçası olan, yenicə klubdan ayrılmış Coy-Lens Mikelsin klubumuzun ünvanına bildirdiyi fikirlər bizi çox təəssüfləndirdi. Bu günə kimi həm futbolçunun şəxsi imicini, həm də azarkeşlərin ona olan böyük sevgisini nəzərə alaraq Mikelsin “Sabah”dan ayrılma prosesi, bu proses zamanı müqavilə öhdəliklərini pozması barədə heç bir açıqlama verməmişik. Ancaq futbolçunun sosial şəbəkə hesabında klubumuzun əleyhinə bildirdiyi fikirlər bizi bəzi məsələlər barədə açıqlama verməyə sövq edir.
Hər kəsə məlumdur ki, klub olaraq ötən mövsümdə əsas hədəflərimizdən biri olan avrokuboklara vəsiqə missiyasının öhdəsindən uğurla gəldik. Bu uğurda bütün futbolçularla birlikdə Mikelsin də əməyi oldu. Ancaq təəssüf ki, bizim üçün tarixi an olan avrokuboklarda ilk oyunumuzdan bir gün öncə futbolçu klub rəhbərliyinə müraciət edərək ona başqa klubdan sərfəli təklif gəldiyini, onun tələb etdiyi əməkhaqqı verilməyəcəyi təqdirdə ayrılacağı ilə bağlı məlumat verdi. Oyunçunun maliyyəni prioritet kimi əsas götürməsi başadüşüləndir. Lakin Mikelsin avrokubokda demək olar hər oyunumuzdan öncə əməkhaqqının artırılması ilə bağlı müraciət etməsi və bunun üçün əhəmiyyətli matçlara bir fürsət kimi baxması klub tərəfindən birmənalı qarşılana bilməzdi.

Komandamızın matçından öncə futbolçunun agenti klub rəhbərliyinə səsli mesaj göndərərək oyunçunun əməkhaqqında külli miqdarda artım olmayacağı halda matça çıxmayacağını bildirdi. Lakin daha sonra Mikels özü klub rəhbərliyinə belə bir fikir bildirmədiyini demişdi. Klub olaraq “Partizan”la oyundan öncə futbolçu ilə danışıqlar aparılaraq onun istədiyi məbləği qarşılamağa hazır olduğumuz bildirilmişdi. Futbolçu da bu təkliflə razılaşdığını qeyd etmişdi. Lakin sonra klubdan daha yüksək məbləğ tələb etmiş və “Partizan”la vacib görüşdən bir gün öncə isə baş məşqçiyə yaxınlaşaraq müqavilənin tələblərinə uyğun olmayaraq bu matçda meydana çıxmaq istəmədiyini bildirmişdi. Oyun öncəsi məşqdən dərhal sonra isə xəstə olduğunu əsas gətirərək klubun düşərgəsini tərk etmişdi.
“Mikels müqaviləsinin öhdəliklərini yerinə yetirməyib”
Buna baxmayaraq, “Partizan”la ev oyununda ona və ailəsinə stadionda digər futbolçularımızın ailə üzvləri ilə eyni yer ayrılıb. Bu qərarından sonra belə ona yad münasibət sərgilənməyib. Oyundan sonra isə onun soyunub-geyinmə otağına enməsinə şərait yaradılıb.
Mikels açıqlamasında stadiondan şəkillərinin götürülməsini də iddia edib. Qeyd edək ki, əslində hər bir klub ayrılmış futbolçusunun şəklini reklam bannerlərindən çıxarmaq hüququna malikdir. Bu, dünyanın heç bir yerində həmin oyunçuya qarşı hörmətsizlik kimi qəbul edilmir. Lakin Mikelsin iddialarının əksinə olaraq, hazırda onun posterləri stadionun ən çox azarkeş cəmləşən hissələrində qalmaqdadır. Oyunlarımıza gələn tamaşaçılar da çox güman bunun şahidi olublar.
Futbolçu özü də qeyd etdiyi kimi, karyerasının ən uğurlu dövrünü məhz “Sabah”da keçirib. Klub olaraq onun karyerasına müsbət mənada öz töhfəmizi verməkdən, daha yaxşı şərtlərlə karyerasını davam etdirməsinə vasitəçi olmaqdan şadıq. Lakin onu da qeyd etməliyik ki, futbolçu öz maddi rifahını yaxşılaşdırmaq üçün yeni təklifləri dəyərləndirərkən klubla olan müqavilə öhdəliklərinə də hörmətlə yanaşmalı, burada qeyd olunan müddəalar əsasında hərəkət etməlidir. Mikels isə müqaviləsinin öhdəliklərini yerinə yetirməyib.
Bütün bunlara rəğmən, Mikelsə xidmətlərinə görə təşəkkür edir, ona yeni klubunda uğurlar arzu edirik!
Bizim üçün “Sabah”ın mənafeyi hər şeydən üstündür və heç kim klubun maraqlarından öndə ola bilməz.
Bu bəyanatla qeyd edilən mövzuda mövqeyimizi tam əks etdirdiyimizi düşünür və gələcəkdə bu istiqamətdə hər hansı paylaşım olmayacağını əvvəlcədən qeyd etmək istərdik”.
Xatırladaq ki, Coy-Lens Mikels bu gün sosial şəbəkə hesabında “Sabah”la vida mesajı yayımlamış və bəzi klub rəsmilərini ona qarşı davranışına görə tənqid etmişdi.


