ON futbolçular ittifaqının baş direktoru Tamara Ramos İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubialesi tənqid edib.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Tamara Ramos 2023-cü il qadınlar arasaında dünya çempionatının mükafatlandırma mərasimi zamanı Luis Rubialesin qadın futbolçu Cenni Ermosonu ehtirasla öpdüyünə görə tənqid edərək bildirib ki, İspaniya Futbol Federasiyasında birlikdə işləyərkən Rubiales onu da aşağılayıb və ona nalayiq suallar verib:
“Mən alçaldılmışdım, bu, dözülməz idi. Bu qalmaqal məni heç də təəccübləndirmir, çünki mən onu uzun illərdir tanıyıram və ondan əziyyət çəkmişəm. Onun bunu ictimai yerlərdə etməsi qəribədir. “Bu gün alt paltarın hansı rəngdədir?”, kimi sualları eşitməli olmuşam. İndi insanların mənə inanması daha asan olacaq. Mən Rubialesin üzr istəməsinə inanmıram, o, özünə haqq qazandırmağa çalışır”, deyə Tamara Ramos “El Programa del Verano” proqramına müsahibəsində bildirib.
Xatırladaq ki, Luis Rubiales qadınlar arasında dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra seksist qalmaqala düşüb. Prezident futbolçu Cenni Ermosonun başını tutub və dodaqlarından ehtirasla öpüb. Sosial şəbəkələrdə bu epizodu şərh edən Ermoso, Rubialesin etdiklərini bəyənmədiyini vurğulayıb. Hadisənin özü futbol ictimaiyyətində qızğın müzakirələrlə müşayiət edilən tənqidlərə səbəb olub. Rubialesin özü “bu, iki dostun qələbəni qeyd etdiyi an idi”, deyərək çulunu sudan quru çıxarmağa çalışıb.
Vurğulayaq ki, bir qədər əvvəl İspaniyanın baş naziri Pedro Sançes də Luis Rubialesi tənqid edərək, üzr istəməsindən daha çox, müvafiq davranışına açıqlama vermək haqda düşünməli olduğunu bildirmişdi.


