Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında (AÇ-2023) qrupdan çıxmaq şansını itirib.
Arena.az xəbər verir ki, buna bu gün Çexiya yığmasının İsveçlə görüşdə qələbə (3:0) qazanması səbəb olub.
Çexlər bu görüşdə 3 xal qazandıqları üçün millimiz 1/8 finala yüksələ bilməyib.
Azərbaycan yığması 6 kollektivin yer aldığı C qrupunu 5 xalla beşinci sırada bitirib.
Xatırladaq ki, yığmamız AÇ-2023-ün qrup mərhələsinin ilk turunda Çexiya millisi ilə qarşılaşmış və 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbəyə sevinmişdi. Lakin ikinci turda meydan sahibi Almaniya ilə görüş komandamızın 1:3 hesablı məğlubiyyəti ilə bitmişdi. Türkiyə millisi ilə oyunda da yığmamız 0:3 hesablı məğlubiyyətə üzülmüşdü. Dördüncü turda Yunanıstanla görüş millimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşsa da, sonuncu turda İsveçlə matçda voleybolçularımız 1:3 hesabıyla uduzmuşdular.
Millimizin qrupundakı durum belədir:
Türkiyə – 12
Çexiya – 8
Almaniya – 7
İsveç – 6
Azərbaycan – 5
Yunanıstan – 4


