Avqustun 20-də Macarıstanda itkin düşmüş Xorvatiyanın “Qoritsa” klubunun isveçli futbolçusu Abdulla Talal Həmid nəhayət ki, tapılıb.
Arena.az bu barədə “Sport Bladet” dərgisinə istinadən məlumat verir.
27 yaşlı oyunçu avqustun 25-də Macarıstan polisi tərəfindən aşkarlanıb.
Abdulla özünü nisbətən yaxşı hiss etsə də, bir neçə kiloqram arıqlayıb. Polis hələ ki, onun başına gələnləri açıqlamayıb.
Sol cinah vingeri bazar ertəsi Budapeştdə izsiz yoxa çıxıb. O, avtomobil ilə Xorvatiyanın Velika Qoritsa şəhərinə yollanıb, amma nədənsə ünvana gəlib çıxmayıb.
Vurğulayaq ki, Həmid bu il avqustun 10-da Xorvatiya Premyer Liqasında çıxış edən “Qoritsa” klubu ilə 1 illik müqavilə imzalayıb.
Həmid ikili vətəndaşlığa sahibdir, onun İsveç və İraq vətəndaşlığı var. Futbolçu İsveçin üçüncü divizionunda çıxış edib, həmçinin gənclər səviyyəsində İraq yığmasını təmsil edib. Futbolçu, karyerası ərzində İraq, Macarıstan, Avstriya və Sloveniyada çıxış edib.
“Transfermarkt” internet-portalı Abdulla Talal Həmidi 50 min avro məbləğində qiymətləndirir.


