“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının 5-ci turunun “Zirə” ilə oyunundan sonra jurnalistlərə müsahibə verib.
Arena.az xəbər verir ki, klub rəhbəri əvvəlcə komandasının 1:0 hesablı qələbəsini şərh edib:
- Komandamızdan qələbə gözləyirdik. Bilirdik ki, hansısa oyunda dirçələcəyik, öz oyunumuzu göstərməyə başlayacağıq. Bu gün əvvəlkilərdən daha yaxşı oynadıq. Amma yenə də, mənim istədiyim oyun bu deyil. Həmin komanda deyilik.
- Hər halda, bu qələbə psixoloji baryeri keçməyinizə kömək olacaq?
- Belə də, demək olar. Çünki dörd oyunda qalib gəlməmişdik, beşinci turda qələbə qazandıq. Ancaq belə olacağını bilirdik. Komandamızın hansısa oyunda düzələcəyinə əmin idik. Şəxsən mən komandama tam inanırdım. Bu gün yanılmadığımı gördüm.
- Matçdakı gərginliyi nə ilə əlaqələndirirsiz?
- İnanın ki, hansısa səbəbi yoxdur. Avrokuboklarda “Omoniya” ilə oynadıq, daha sonra “Sabah”la görüşə çıxdıq. Heç bizi nəzərə də almadılar. İlk dəfə Peşəkar Futbol Liqası (PFL) haqda buradan deyirəm. Elə şikayət kimi də olsun, eşitsinlər. Biz həmin gün gecə yolda olmuşduq. İstirahətə vaxtımız da olmadı. Yorğun idik.
- PFL-ə müraciət etmişdiz?
- Xeyr, müraciət etmək istəmədik. Çünki onlar özləri bunu fikirləşməlidir. Qayda ilə üç gündən sonra oyuna çıxmaq olar. Onlar qaydanı pozmayıblar. Lakin nəzərə almalıydılar ki, bir günü yolda olmuşduq. “Sabah”la matçda uğursuzluğu yorğuluğa bağlaya bilərəm. Amma sonrakı matçlarda komanda bundan əvvəlki məğlubiyyətlərin atmosferindən çıxa bilmirdi. Fərdi səhvlər edirdik. Analiz edib, çox şey danışmaq olar. Bu vəziyyətdən çıxmaq lazımdır. Sevindirici hal odur ki, öz oyunumuzu göstərib, qalib gəldik.
- Söz-söhbət gəzirdi ki, komanda bu gün də uduzsaydı, Elmar Baxşıyev üçün “Qəbələ”də sonuncu oyun olacaqdı…
- Xeyr, qətiyyən! Komanda Premyer Liqada qalmaq şərtilə, nə qədər uduzsa da, Elmar Baxşıyev baş məşqçi postunda qalacaq. Ona və futbolçularıma tam inanıram, güvənirəm. Baş məşqçinin qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmayıb. Əvvəldən danışığımız belə olmayıb. Ardıcıl iki il bunu etdik. Ola bilər ki, bu mövsüm bacarmayaq. Alınsa da, lap yaxşı.
Fariz Nəcəfov AFFA-nın hansı qərarı ilə razı deyil?
- Transfer edəcəksiz?
- Bir futbolçu gələ bilər. Danışıqlar davam edir. Legioner olacaq. Hücum xətti üçün düşünürük.
- Yenə bir illik müqavilə olacaq?
- Bundan əvvəlki illərdə komanda tam dağılırdı. Futbolçularla iki illik müqavilə edə bilməzdim, çünki dayanıqlılığımız yoxdur. Komanda dağılsaydı, gərək mən evimi, maşınımı satıb maaşları verərdim. Bu tendensiya davam etdi. Çünki indi də büdcə özümüzdən, sponsordan yox, dövlətdən asılıdır. O da uzunmüddətli deyil, deyillər ki, hər il üçün veririk.
- Akademiyanız üçün sponsor tapmışdız. Bu il sponsor sayı artacaq?
- Danışırıq. Həmin sponsorluq da dostluq əlaqələrindən yaranmışdı. Yenə davam edir. Yəqin ki, akademiyamızın güclü olmasını Azərbaycanda, Qəbələdə hamıdan çox mən istəyirəm. Bunu məndən çox istəyən ola bilməz. Əlimizdən gələni edirik.
- AFFA ayrılan vəsaitdən tutulmalar etdi. Hansı kriteriyaları yerinə yetirmirdiz ki, belə oldu?
- Bəli, tutulmalar oldu. Hamısını deməyim. Ən dəqiq olanı qadın futboluna və bölgələrdə uşaq futbol məktəbinin yaranması məsələsi ilə bağlı idi. İkisi tam kəsildi. Bu da, büdcənin 8-10 faizidir. Amma başqa kəsilmələr də oldu. Halbuki, onlarla da razı deyiləm.
- Həmin öhdəliklər bu il dəyişilib?
- Bəli.
- Qismət Alıyev hər dəfə “Qəbələ” azarkeşləri ilə münaqişə yaşayır. Bu nə ilə əlaqədardır? Buradan gedəndə problemlə ayrılıb?
- Qətiyyən. Tam yaxşı şəkildə ayrılmışıq. Akademiyanın nümunəvi futbolçularından olub. İndi də xətrini çox istəyirəm. Oyununa da azarkeşlik edirəm. Bəzən azarkeşlər ondan feyr-pley qaydalarına riayət etməsini, buradakı matçlarda hakimlərlə və bizim oyunçulara mübahisələrə girməməsini istəyirlər. Oyunda olan şeylərdir.


