“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 5-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təhlil etmişdik. Azər Məmmədov yaxşı komanda formalaşdırıb. Birinci hissədə istədiyimizi etməyə çalışdıq. Futbolçular yaxşı mübarizə apardılar. Əlimizə düşən qol imkanlarından maksimum istifadə etdik. İkinci yarıda sığortalı oynamağa çalışdıq. Qapımızdan buraxdığımız qol bizim üçün “siqnal” olmalıdır. Müdafiədəki boşluqları aradan qaldırmalıyıq”.
Azər Bağırov etdiyi əvəzetmələrin özünü doğrultmamasına da münasibət bildirib: “Daha çox öndə topu özünüzdə saxlamaq istədik. Orxanla Turalın yorğunluğu görünürdü. İstədik ki, öndə pressinq edək. Daha çox cinah müdafiəçilərində problem oldu. Çox yoruldular”.
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə məğlubiyyəti belə şərh edib:
“Oyunun əhəmiyyətini bilirdik. Çempionatda “Araz-Naxçıvan” əsas rəqibimizdir. Bu, bizim üçün 6 xallıq matç idi. Təəssüf ki, bu gün 6 xalı “Araz-Naxçıvan”a verdik. İki fərqli hissə izlədik. İlk yarıda 5 dəqiqəyə 2 top buraxdıq. Qollar öz səhvlərimizdən oldu. Bundan sonra komanda toparlanmaqda çətinlik çəkdi. İkinci hissədə futbolçular fərqi aradan qaldırmağa çalışdılar. Gəncədə məğlub olmamalı idik. Heç-heçə pis nəticə olmazdı.
Mate Kvirkiya “Turan Tovuz”la matçda zədələnmişdi. Uzun müddət idi ki, komanda ilə məşq etmirdi. 30 dəqiqə oynatmağı düşünürdük. Hücumda axsama gördük. Buna görə də Mateni meydana buraxdıq.
Mövsüm yeni başlayıb. Qarşıda uzun marafon var. İşləmək lazımdır. Hücumda dişsizlik görünür. Çalışacağıq ki, milli komandalara görə yaranacaq fasilədə çatışmazlıqları aradan qaldıraq. Artıq oyunçular bir-birinə uyğunlaşıblar. Getdikcə daha fərqli futbol oynamağa çalışırıq.
Baxışda iki futbolçu var. İkisi də hücum oyunçusudur. Bəyənsək, müqavilə imzalayacağıq. “Araz-Naxçıvan”la matça hazırlaşırdıq deyə, onlara çox da baxa bilmədik”.


