Renat Dadaşov rəsmən Türkiyə klubunda

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

24 yaşlı hücumçunun 2024-cü ilin yayında başa çatacaq sözləşməsinin müddəti daha bir il artırılıb.

Əslində Renat 2022-ci ilin yayında “Qrasshopper”ə keçərkən 2+1 illik müqaviləyə imza atmışdı. İndi tərəflər məhz həmin əlavə 1 illik müqaviləni də aktivləşdiriblər. Yeni sözləşməyə əsasən, Renat 2025-ci ilin 30 iyununa kimi İsveçrə klubuna məxsus olacaq.

Klubu ilə yeni müqavilə bağlamasına baxmayaraq, Renat “Qrasshopper”dən ayrılıb. Azərbaycanlı hücumçu karyerasını Türkiyədə davam etdirməyə qərar verib. Belə ki, Dadaşov Super Liqa təmsilçisi “Hatayspor”a keçib. Bu barədə sözügedən klubların mətbuat xidməti məlumat yayıblar. “Qrasshopper” Dadaşovu Hatay klubuna bu mövsümün sonuna kimi icarəyə verib.

Yeri gəlmişkən, Türkiyə klubu Dadaşovun transferinin ilk anonsunu maraqlı formada çatdırıb. Belə ki, Hatay təmsilçisinin sosial şəbəkə hesablarında Azərbaycan bayrağı və “Yandırdın qəlbimi” mahnısı təqdim olunub. Bir gün sonra – bu gün isə Renatın Hataya gəldiyini və tibbi müayinələrdən keçdiyini əks etdirən görüntülər paylaşılıb. Böyük ehtimalla ən qısa zamanda azərbaycanlı hücumçu üçün təqdimat mərasimi də təşkil olunacaq.

Xatırladaq ki, Renat Dadaşov ötən mövsümün əvvəlindən “Qrasshopper”də forma geyinirdi. Hücumçu bu komandanın heyətində meydana çıxdığı 40 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra” klublarının da formasını geyinib. “Vulverhempton”, “Leypsiq”, “Ayntraxt”da da aşağı yaş qrupları üzrə komandalarda oynamış forvard Azərbaycan millisində 22 oyuna cəmi 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: