“Neftçi”nin yeni transferi, rusiyalı sol cinah vingeri Reziuan Mirzov Azərbaycan klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 30 yaşlı oyunçu “ağ-qaralar”ın klub televiziyasına açıqlamasında səmimi qarşılanmaya görə rəhbərliyə təşəkkürünü bildirib:
“Deyə bilərəm ki, bu keçid gözlənilməz və sürətli oldu. Çünki klub həqiqətən də mənimlə maraqlanırdı. Rəhbərlik transferi qısa zamanda reallaşdırmaq üçün, demək olar ki, hər şeyi etdi. Çox xoş təəssüratlarım var. Çünki “Neftçi” ənənələrə malik böyük klubdur. Dərhal qərar verdim ki, buraya gəlməliyəm”.
O, “Neftçi” barədə öncədən məlumatlı olduğunu söyləyib: “Açığı, “Neftçi”yə keçməklə bağlı heç kimlə məsləhətləşməmişəm. “Spartak”da çıxış edəndə Avstriyadakı təlim-məşq toplanışında “Neftçi” ilə oynamışdıq. Elə orada Emin Mahmudovla “Neftçi” barədə danışmışdım. Solomon Kvirkveliya da burada oynayırdı. Onu tanıyıram, mənə komanda haqqında bir az danışmışdı”.
Reziuan rəqabətdən çəkinmədiyini sözlərinə əlavə edib: “Rəqabət səni artırmağa və inkişafa vadar edir. Bütün komandalarda rəqabət var. Düşünürəm ki, bu, yaxşı haldır. Sadəcə, özünü təsdiq etmək və işləmək lazımdır”.
Əslən Kabarda-Balkar Respublikasından olan rusiyalı futbolçu legioner həyatı yaşamaq istədiyi üçün “Neftçi” variantına ilk gündən isti yanaşdığını vurğulayıb: “Neftçi”yə gəlmək mənim üçün ilk gündən prioritet idi. Düzünü desəm, əvvəlki klubumla müqaviləmin müdəti başa çatdığı üçün özümü Rusiyada deyil, xaricdə sınamaq qərarına gəldim. Rusiyada 10 il yaxşı səviyyədə oynamışam. Ona görə də düşündüm ki, indi deyilsə, bəs nə vaxt? Nəticədə bura gəlmək qərarını verdim”.
Reziuan sonda klubun azarkeşlərini sevindirmək üçün əlindən gələni edəcəyini deyib: “Bütün azarkeşlərə və özümüzə arzu edirəm ki, klub rəhbərliyinin qarşımıza qoyduğu tapşırıqları yerinə yetirək. Komandanın ənənələrinə uyğun gələn yüksək göstəricilərlə azarkeşləri şad edək. Onları oyunumuzla, nəticələrimizlə sevindirək və birlikdə bizdə hər şey uğurlu alınsın”.
Xatırladaq ki, Mirzov “Neftçi” ilə 1 illik müqavilə bağlayıb. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək.


