Ermənistan – Xorvatiya matçında təxribat: AFFA şikayət edəcək

AÇ-2024-ün seçmə mərhələsinin İrəvanda keçirilən Ermənistan – Xorvatiya matçında ermənilər növbəti təxribata əl atıblar.

Arena.az xəbər verir ki, onlar bu dəfə dronla Qarabağdakı qondarma rejimin “bayrağı”nı qaldırıblar.

Onlar bu təxribatı matçın ilk hissəsinin sonlarına doğru həyata keçiriblər. Bu səbəbdən matçda fasilə yaranıb, daha sonra oyun davam etdirilib.

UEFA-nın bu təxribata görə Ermənistan Futbol Federasiyasına hansı cəzanı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, bu, ermənilərin ilk belə addımı deyil. 2010-cu ildə Luksemburqda Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” matçında da anoloji təxribat baş vermişdi. Həmçinin Ermənistanda baş tutan müxtəlif idman yarışlarında da qondarma rejimin “bayrağı”na tribunalarda yer verilir.

Bugünkü qəbuledilməz hadisə ilə bağlı AFFA da UEFA-ya müraciət edəcək. Bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli sosial şəbəkə hesabında məlumat yayıb.

Xatırladaq ki, Ermənistan – Xorvatiya oyunu qonaqların 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: