Şimali Makedoniyanın “AP Brera” klubunun sağ cinah vingeri Kristian Velinovski bundan sonra “Sumqayıt”ın formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Şimali Makedoniyadan olan yarımmüdafiəçi yeni komandasında 18 nömrəli formanı geyinəcək.
“Sumqayıt” Velinovskinin transferi üçün Şimali Makedoniya klubuna 100 min avro ödəyib.
Qeyd edək ki, Kristian Velinovski karyerası ərzində Şimali Makedoniyanın “Breqalnitsa” və “AP Brera” klublarında çıxış edib. Velinovski Şimali Makedoniyanın 21 yaşlılardan ibarət milli komandasına da dəvət alıb.
Xatırladaq ki, “Sumqayıt” bu yay Mehdi Cənnətov, Orxan Sadıqlı, Rövlan Muradov, Kamran Quliyev, Erik Sorqa, Roi Kehat, İsa Suliman, Oktavio Manteka, Tresor Mossi, Abu Dosso, Kazimir Ninqanı da transfer etmişdi. Elvin Bədəlov və Murad Xaçayev də klubla yeni müqavilə imzalayıblar.
Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar, Dieqo Karioka, Vurğun Hüseynov və Vüsal İsgəndərli isə komandanı tərk ediblər.


