Futbol üzrə Qvineya yığmasının və Fransanın “Lill” klubunun hücumçusu Məhəmməd Bayo Liqa 1-in digər təmsilçisi “Havr”a keçib.
Arena.az xəbər verir ki, 25 yaşlı forvard bu mövsümün sonuna kimi icarədə olacaq.
Məhəmməd Bayo “Klermon”un yetirməsidir. O, “Lill”ə ötən ilin iyul ayında 14 milyon avro qarşılığında keçmişdi. Hücumçu bu komandada 30 oyuna 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, icarə əsasında “Dyunkerk”də də forma geyinib, Qvineya yığmasında 15 oyuna 4 qol vurub.
ABŞ yığmasının və “Odense”nin sağ cinah vingeri Emmanuel Sabbi də “Havr”a keçib. Liqa 1 klubu bu transfer üçün 1 milyon avro ödəyib. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Emmanuel Sabbi peşəkar karyerasına Danimarkanın “Hobro” komandasında başlayıb. O, 2020-ci ildən “Odense”də çıxış edirdi. 25 yaşlı vinger ABŞ yığmasında da 1 oyun keçirib.
“Havr” iki futbolçusu ilə də yollarını ayırıb. Komandanın sağ cinah vingeri Kventin Kornett Yunanıstanın “Volos” klubuna keçib. 29 yaşlı fransız futbolçunun yeni klubu ilə müqaviləsinin detalları açıqlanmayıb. O, 2020-ci ildən oynadığı “Havr”da 97 oyuna 13 qol vurub, 11 assist müəllifi olub. Kornett “Amyen”, “Monpelye” kimi klubların da formasını geyinib.
“Havr” hücumçusu Yann Kitalanı da “Almere Siti”yə icarəyə verib. 25 yaşlı fransız forvard bu mövsümün sonuna kimi icarədə olacaq. Konqoəsilli futbolçu Lion “Olimpik”inin yetirməsidir. O, “Loryan” və “Soşo”da da çıxış edib, “Havr”da isə 32 oyuna 2 qol vurub, 5 assistə imza atıb.


