Nazim Sanqare “Fənərbaxça”nı Türkiyənin digər klubuna dəyişdi

Futbol üzrə Türkiyə millisinin və “Fənərbaxça”nın sağ cinah müdafiəçisi Nazim Sanqare “Fatih Karagümrük” klubuna keçib.

Arena.az xəbər verir ki, “Fənərbaxça”dan azad agent kimi ayrılan 29 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Nazim Sanqare 2020-ci ilin sentyabrından “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul təmsilçisində 50 oyuna 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi “Antalyaspor”, “Osnabrük”, “Fortuna” (Düsseldorf) və “Alemanniya Aahen” klublarında da forma geyinib.

“Fatih Karagümrük” Sanqaredən başqa da bir neçə oyunçu ilə güclənib. Super Liqa təmsilçisi İtaliyanın “Sampdoriya” klubundan Flavio Paolettini, “Cenoa”dan isə Davide Biraskini transfer edib. Biraski 1, Paoletti 3 illik müqavilə bağlayıb.

20 yaşlı Paoletti bu vaxta qədər yalnız yetirməsi olduğu “Sampdoriya”da çıxış edib. İtalyan dayaq yarımmüdafiəçisi ölkəsinin U-17 yığmasında da çıxış edib.

29 yaşlı Biraski isə 2016-cı ildən “Cenoa”da çıxış edirdi. O, ötən mövsümü də məhz “Fatih Karagümrük”də icarədə keçirmişdi. Mərkəz müdafiəçisi olan italyan futbolçu əvvəllər “Qrosseto” və “Avellino”da da forma geyinib.

“Fatih Karagümrük” “Cenoa”da forma geyinən türkiyəli futbolçu – hücumçu Güven Yalçını da icarəyə götürüb. 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi Türkiyə klubunun uğurları üçün çalışacaq. Daha öncə “Beşiktaş” və “Leççe”də də oynamış forvard Türkiyə millisində 3 oyun keçirib.

“Fatih Karagümrük” serbiyalı yarımmüdafiəçisi Adem Lyayiçlə də yollarını ayırıb. 31 yaşlı futbolçu azad agent kimi ölkəsinin “Novi Pazar” klubuna keçib. Serbiya yığmasında 47 oyuna 9 qol vurmuş Lyayiç “Partizan”, “Fiorentina”, “Roma”, “İnter”, “Torino” və “Beşikaş”da da forma geyinib.

“Fənərbaxça”da daha 3 ayrılıq

Sanqareni “Fatih Karagümrük”ə buraxan “Fənərbaxça”da başqa ayrılıqlar da qeydə alınıb. İstanbul təmsilçisi sağ cinah vingeri Burak Kapacakı (23 yaş) “Sivasspor”a, yarımmüdafiəçi Emre Demiri (19 yaş) “Ümraniyəspor”a, mərkəz müdafiəçisi Omar Fayedi (20 yaş) isə “Novi Pazar”a icarəyə verib. Onların hər biri bu mövsümün sonuna kimi icarədə olacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: