Şimali Makedoniyadan olan yarımmüdafiəçi Kristian Velinovski həm “Sumqayıt”da, həm də Azərbaycan Premyer Liqasında debüt edib.
Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Premyer Liqanın 6-cı turunda şans qazanıb. O, “Zirə” ilə səfər matçında (0:1) sonradan meydana çıxıb.
Kristian Velinovski “Sumqayıt”ın tarixinə Premyer Liqada forma geyinən 200-cü futbolçu kimi düşüb.
Debütü 2011/12 mövsümündə gerçəkləşən və əvvəllər “Sumqayıt Şəhər” adı altında çıxış edən klub cari çempionatın startına qədər 190 oyunçuya güvənmişdi. Əvvəlki 5 turda 9 debütantın meydana çıxdığı “Sumqayıt” Velinovski ilə “200”ə çatıb.
“Gənclik şəhəri” təmsilçisi bu göstəricidə 11-ci komandadır. Yalnız 10 komanda daha çox futbolçuya şans verib.
Azərbaycan Premyer Liqasının 6-cı turu erkən qırmızı vərəqə ilə də əlamətdar oldu. Pyer Zebli “Zirə” – “Sumqayıt” oyununun (1:0) 11-ci dəqiqəsində meydandan kənarlaşdırıldı. 26 yaşlı italiyalı yarımmüdafiəçi birbaşa qırmızı vərəqə aldı. O, cari mövsümdə meydandan ən tez kənarlaşdırılan futbolçudur.
Premyer Liqanın PFL-in bayrağı altında keçirildiyi 2008-ci ildən indiyə qədər 8-ci dəfə oyunçulardan biri ilk 15 dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb. Pyerə qədər 7 dəfə erkən cəza qeydə alınıb.
15 ilin ilk 15 dəqiqədəki qırmızı vərəqələri arasında ikisi daha erkən gerçəkləşib. Zebli bu dövrdə ən tez cəzalanan 3-cü oyunçudur. Onunla müqayisədə daha erkən cəzalananların hər ikisi 2017/18 mövsümünə təsadüf edib.
Mütləq antirekord Dedimar Fereyraya məxsusdur. “Kəpəz”in legioneri 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.
“Zirə”nin sabiq futbolçusu Milan Duriç isə 9-cu dəqiqədə belə ağır cəza alıb. O, 2018-ci il mayın 12-də “Kəpəz”lə ev görüşündə (2:1) qırmızı vərəqə alıb.


