“Araz-Naxçıvan”ın müdafiəçisi Turan Manafov bu gün Premyer Liqanın 6-cı turunun “Neftçi” ilə ev oyunundan öncə mükafatlandırılıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Belə ki, Peşəkar Futbol Liqası və “Misli” bu mövsümdən daha bir layihəyə start verib. “Ayın qolu” layihəsi çərçivəsində PFL tərəfindən hər ay Premyer Liqada TOP-5 qolu müəyyənləşdirilir və qurumun “Facebook” səhifəsində paylaşılır. Avqust ayı üçün müəyyənləşdirilən siyahıda “Araz-Naxçıvan”ın müdafiəçisi Turan Manafovun “Sumqayıt”a cərimə zərbəsindən birbaşa vurduğu qol da var. İzləyicilər tərəfindən ən çox -emoji toplayan Manafovun qolu “Ayın qolu” seçilib.
“Ayın qolu” layihəsinin ilk qalibi olan Turan Manafov bu gün “Araz-Naxçıvan” – “Neftçi” görüşündən əvvəl “Misli” və PFL tərəfindən mükafatlandırılıb. Ona mükafatları “Dalğa Arena”da Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və “Misli”nin İdarə Heyətinin üzvü Salih Tüfekçi təqdim ediblər.








