Luis Fiqo: “Ronaldo və Modriç öz mövqelərində ən yaxşılardır”

Futbol üzrə Portuqaliya yığmasının və Madrid “Real”ının sabiq ulduzu, yarımmüdafiəçi Luis Fiqo maraqlı çıxışı ilə diqqət çəkib.

Arena.az “Madrid Universal” dərgisinə istinadən məlumat verir ki, o, “Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo və “Real”ın xorvat yarımmüdafiəçisi Luka Modriçin çıxışından danışıb:

“Ronaldo və Modriç fərqlidirlər. Onlar çox yaxşı dostdurlar. Birinə üstünlük verə bilmərəm, çünki o zaman digəri uduzacaq. Onlar öz mövqelərinə görə dünyanın ən yaxşısıdırlar. Onlar tarix yazıblar və bu günə qədər də yazmaqdadırlar.

Luka mənim yaxşı dostumdur, onu təkcə peşəkar deyil, həm də insan kimi tərifləyə bilərəm. Onun, bu yaşında etdiyi işlər heyrətamizdir. Deyəsən, batareyalardan işləyir, hər oyunda istedadını nümayiş etdirir.

Lukanın xoşbəxt olmasına şadam. Hazırda o, sevdiyi işlə məşğuldur. Ümid edirəm ki, o, futbolda uğur qazanmağa davam edəcək”, deyə Luis Fiqo bildirib.

38 yaşlı Luka Modriç yenicə başlamış cari mövsümdə “Real”ın heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Modriçin “Real”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Xorvat yarımmüdafiəçi bu yaşında da “Real” yarımmüdafiə xəttinin lideridir.

Modriçin həmyaşıdı, portuqal superulduz Kristiano Ronaldo isə “Əl-Nəsr”in heyətində fantastik çıxışını davam etdirir. Ronaldo cari mövsümdə “Əl-Nəsr”in heyətində 6 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə verib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

“Transfermarkt” internet-portalı Luka Modriçi 10 milyon avro, Kristiano Ronaldonu isə 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: