Futbol üzrə Azərbaycan milli komandasının və ölkə çempionu “Qarabağ”ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə zədələnib.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 6-cı turunda qarşılaşdıqları “Sabah”la matçın 57-ci dəqiqəsində zədə alıb.
O, oyuna davam edə bilməyib və Maksim Medvedevlə əvəzlənib. Bəhlulun zədəsinin ciddi olub-olmadığı hələlik məlum deyil. Buna görə də onun Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda Norveç “Molde”si ilə görüşdə iştirak edib-etməyəcəyi bilinmir.
“Qarabağ”ın 2:0 hesablı qələbəsiylə bitən qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Bəhlul Mustafazadənin durumu və son vaxtlar yaxşı formada olması barədə bunları söyləyib:
“Ağrısı var. İnşallah, ciddi problem olmamalıdır. Həkimlərin məlumatına görə, zərbə sinir nöqtəsinə dəyib, keyləşmə var. Tam müayinə olunduqdan sonra dəqiq fikir bildirə bilərik. Son matçlarda yaxşı oyun göstərməsinə gəldikdə, bu, azdır. Belə fikirlər futbolçulara mane olur. Məşqçi olaraq düşünürəm ki, bəzi elementləri yaxşılaşdırmalıdır. Biz daim bunu bildiririk. Bu o demək deyil ki, Bəhlul bu gün pik formadadır. Yox. Öz üzərimizdə daha çox çalışmalıyıq”.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Molde” matçı saat 21:45-də başlayacaq.
Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Bəhlul Mustafazadə 2021-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışır. O, Ağdam təmsilçisinin heyətində 68 oyuna çıxıb, 3 qola imza atıb. Bəhlul Azərbaycan millisində də 26 oyun keçirib.


