Vitali Borisov: “Niderlandla matçda xal itirmək olmaz”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit mərhələsinin Niderlandla oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, millimiz bu gün oyunöncəsi son məşqinə çıxacaq.

Komandadakı son durumla bağlı baş məşqçi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Komanda Rumıniyadan döndükdən sonra məşqlərini hər gün Bakı İdman Sarayında davam etdirir. Heyətdə cəzalı və ya zədəli futzalçı yoxdu. Bu, bizim üçün müsbət məqamdır. Psixoloji baxımdan da oyunçularla söhbət etmişik. Artıq ilk oyunu unutmalı, Niderlandla matça köklənməliyik.

Rumıniya ilə matçla müqayisədə heyətdə ciddi dəyişiklik etməyəcəyik. Sadəcə, İsa Atayevun əvəzinə Manekanı komandaya dəvət etmişik. Bu dəyişiklik sırf məşqçilər korpusunun qərarıdır.

Rəqibə gəldikdə, Qazaxıstanla oyunlarını izləmişik. Onlar da bu görüşə ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, sentyabrın 17-dən Bakıdadırlar. Baş məşqçiləri də tanış simadır. Migel vaxtilə millimizin məşqçisi olub, onunla həm də Rusiya klubunda oynayan zaman işbirliyimiz olub. Çətin və bizim üçün əsas oyun olacaq. Bu matçda xal itirmək olmaz. Bir növ, qrupda bizim üçün finala bərabər görüş olacaq. Azarkeşlərin dəstəyi ilə 3 xal qazanacağımıza inanıram”.

Xatırladaq ki, Azərbaycan – Niderland oyunu sabah – sentyabrın 20-də Bakı İdman Sarayında keçiriləcək. Saat 18:30-da start götürəcək oyunu azarkeşlər “CBC Sport”la izləyə biləcəklər. Zala giriş sərbəst olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: