“Latsio”nun qapıçısı İvan Provedel Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində vurduğu qolla diqqət mərkəzinə düşüb.
Arena.az məlumat verir ki, Provedel Romanın “Olimpiko” stadionunda “Madrid “Atletiko”su ilə oyunun (1:1) əlavə olunmuş 5-ci təzminat dəqiqəsində “döşəkçilər”in qapısından bərabərlik qolunu keçirib.
Oyundan sonra Provedel vurduğu qolla bağlı təəssüratlarını bölüşüb:
“Belə axşamlar ömür boyu xatırlanır. Mən çox şadam ki, uduzmağa layiq olmadığımız oyunu dartıb çıxardıq. Mən nə baş verdiyini hələ dərk etməmişəm, amma sonra başa düşəcəyəm ki, Çempionlar Liqasında qol vurmuşam. Biz xalımızı haqlı olaraq qazandıq, indi irəli getmək gərəkdir”.
Xatırladaq ki, sentyabrın 19-da UEFA Çempionlar Liqasının 1-ci turu çərçivəsində “E” qrupunda keçirilmiş digər oyunda “Feyenoord” – “Seltik”i 2:0 hesabı ilə məğlub edib. Hazırda “E” qrupuna 3 xalla “Feyenoord” liderlik edir, “Atletiko” və “Latsio” 1 xalla 2-3-cü yerləri bölüşürlər. “Seltik” isə qrupun autsayderidir.
İvan Provedel ana tərəfdən rusəsillidir. Qapıçı 2022-ci ilin avqustundan “Latsio”da çıxış edir. Tərəflər arasında müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Provedel “Latsio”nun heyətində 5 oyuna çıxıb, 8 qol “yeyib”, “quru” oyun keçirməsə də, həmkarı, sloven qapıçı Yan Oblakı “islada” bilib. Ümumilikdə Provedel “Latsio”nun heyətində 50 oyuna 51 qol buraxıb, 22 oyunda qapısının toxunulmazlığını təmin edib.
Provedelin karyerasının ilk illəri “Kyevo” və “Udineze”də keçib. Daha sonra qapıçı “Piza”, “Peruca”, “Modena”, “Pro Verçelli”də icarədə oynayıb və 2017-ci ildə “Empoli”yə keçib və elə, ilk mövsümdəcə İtaliya B Seriyasının qalibi olub. 2020-ci ildə Provedel “Yuve Stabiya”ya icarəyə göndərilib, ardınca isə “Spetsiya”ya satılıb. Ötən mövsüm “Latsio” qapıçını sıralarına qatıb. Məhz “Latsio”da Provedel daha da tərrəqqi edib və A Seriyasının 2022/2023 mövsümünün ən yaxşı qapıçısı adına layiq görülüb.
ÇL-də qol vuran 4-cü qapıçı
Qeyd edək ki, romalıların qolkiperi qitənin ən nüfuzlu klub turnirində qol vurmağı bacaran 4-cü qapıçı kimi tarixə düşüb. Daha əvvəl Hans-Yorq Butt (“Bayer”, 3 qol – hamısı “Yuventus”un qapısına), Vinsent Enyeama (“Hapoel”, Təl-Əviv) və Sinan Bolat (“Standard”) fərqlənməyi bacarıb. Həmçinin italyan qolkiper Sinandan sonra penaltidən deyil, oyun epizodundan rəqibi məyus edən 2-ci qapıçıdır.
Maraqlıdır ki, komandasına bir xal qazandıran 29 yaşlı “çərçivə qoruyucusu” daha əvvəl də qol vurmağı bacarıb. 3 il əvvəl icarə əsasında İtaliya B Seriyasında “Yuve Stabiya”nın formasını geyinən Provedel “Askoli” ilə matçda yenə 90+5-ci dəqiqədə başını işə salaraq komandasının xilaskarına çevrilmişdi – 2:2.
Atası italiyan, anası rus olan İvanın 15 yaşına qədər hücumçu kimi oynamasını da qeyd edək.
İvan İtaliyanın U-20 yığmasında 5 oyun keçirib, 5 qol buraxıb, 3 oyundan “quru” qurtulub. Həmçinin Provedel U-21 yığmasına və Roberto Mançininin çalışdırdığı İtaliya yığmasına dəvət alsa da, debütü baş tutmayıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı İvan Provedeli 12 milyon avro məbləğində qiymətləndirir.


