Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunmuş Avropa Super Finalında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz ikinci oyununda Rumıniya yığması ilə qarşılaşıb.
Oyun Azərbaycan yığmasının 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Yığmamızın qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.
Xatırladaq ki, millimiz ötən gün baş tutan ilk oyununda Türkiyəni məğlub etmişdi (5:5, penaltilər 3:1).
Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb edib.
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbətov.
Çimərlik futbolu üzrə Avropa Super Finalı sentyabrın 25-nə qədər davam edəcək. B qrupunda yer alan Azərbaycan millisi turnirdə növbəti oyununu sabah İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


