“Qarabağ” ötən gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində Azərbaycana UEFA reytinqində növbəti dəfə xal qazandırıb.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində qarşılaşdığı Norveçin “Molde” komandasını doğma meydanda 1:0 hesabıyla məğlub edib.
Azərbaycan çempionu bu qələbə nəticəsində ölkə reytinqinə 0,500 bal yazdırıb.
Hazırda Azərbaycanın cari mövsümdəki qazancı 3.125 xaldır. Azərbaycanı bu mövsüm avrokuboklar təmsil edən digər klublardan “Sabah” reytinqə 0,750, “Neftçi” isə 0,375 ballıq töhfə verib. “Qəbələ” bu baxımdan ümumiyyətlə ümidləri doğrulda bilməyib. Qalan 2,000 xalı isə məhz “Qarabağ” əldə edib.
Son 5 mövsümdəki ümumi əmsallarının sayı 17.375-ə çatan Azərbaycan reytinqdə yenə 29-cu pillədə qərarlaşıb. Bir addım irəlidə olan Slovakiya 17.875 reytinq xalına malikdir. Azərbaycanı isə Moldova (12,875) izləyir.
Ötən gecə baş tutan qarşılaşmalar Çexiya ilə Bosniya və Herseqovinanın irəliləməsinə şərait yaradıb. İsrail, Ukrayna, Farer adaları və İslandiya isə geriləyiblər.
Reytinq cədvəlinə İngiltərə (90,303) başçılıq edir. İspaniya (76,864) ikinci, İtaliya (73.141) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (71,195) dördüncü, Fransa (53,831) isə altıncıdır. Fransızlar Niderlandı (55,700) özlərindən önə buraxıblar. Türkiyə isə 33,850 balla 9-cu sırada qərarlaşıb.
Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırırdı. Qrup mərhələsində isə qələbə 0,500, heç-heçə 0,250 xal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.


