Ceydon Sanço MY-dən göndərilir – Dəyər-dəyməzinə satılacaq

“Mançester Yunayted” qış transfer pəncərəsində komandanın ingilis sol cinah vingeri Ceydon Sanço ilə yollarını ayırmağa hazırdır.

Arena.az bu barədə “Daily Star”a istinadən məlumat verir.

“Qırmızı şeytanlar”ın rəhbərliyi Sançonu aşağı qiymətə satmaqla onun kluba keçidi müqabilində sərf edilmiş vəsaitin təzminatını qismən ödəmək niyyətindədirlər.

Xatırladaq ki, Sanço hazırda cəzalıdır. Onsuz da uğursuzluqlar zolağında çabalayan “Mançester Yunayted”də görünür daxili intizam da xoşagələn deyil. Sanço “Arsenal”la oyunun iştirak ərizəsində olmadığını şərh edərək, sosial şəbəkələrdə “qırmızı şeytanlar”ın holland çalışdırıcısı Erik ten Haqı ictimai surətdə yalançılıqda ittiham edib. O, daha sonra bu addımına görə üzr istəməkdən də imtina edib. Klub rəhbərliyi cəza tədbiri qismində Sançonu əsas komanda ilə məşqlərdən kənarlaşdırıb. Ten Haqın özü isə komandadaxili intizamı qorumağın tərəfdarıdır və bu məsələdə güzəştsiz mövqe tutub.

Ceydon Sanço “Mançester Yunayted”ə 2021-ci ilin iyulunda 85 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Bu müddətdə Sanço “qırmızı şeytanlar”ın heyətində 82 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib. Cari mövsümdə Sanço mankunianların heyətində cəmi 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ceydon ötən mövsüm “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.

Sanço 2018-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Ceydon Sançonu 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: