Devid Bekhem: “Real”a keçmək istəmirdim”

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Devid Bekhem İngiltərə klubundan “Real”a keçidi haqda xatirələrini paylaşıb.

Arena.az məlumat verir ki, Bekhem bu barədə “The Overlap” “YouTube” kanalına danışıb.

“Mən 2003-cü ildə klubdan ayrılmaq istəmirdim. Onda biz yenidən liqanı qazanmışdıq, amma mənə zəng edib dedilər ki, hər şey həll edilib və klub sövdə haqda razılığa gəlib. Bundan sonra mən məşqçi ilə danışmaq istəsəm də, o, mənimlə danışmaq istəmədi. Bu pis niyyətdən qaynaqlanmırdı. O, məzuniyyətə çıxmışdı və heç kimin onunla əlaqə saxlamasını istəməyib. O, klubun qərarını təsdiqlədi və bununla da hər şey bitdi”, deyə Bekhem xatırlayır.

Xatırladaq ki, Bekhem 2003-cü ilin iyulunda “Mançester Yunayted”dən 37,50 milyon avro qarşılığında “Real”a keçmişdi. David “Kral klubu”nda 159 oyun keçirib, 20 qol vurub, 52 məhsuldar ötürmə verib. İngilis yarımmüdafiəçi o dövrün “qalaktikos” “Real”ı ilə İspaniya La Liqasının və İspaniya Super Kubokunun qalibi olsa da, “Kral kubu”nun əsas məqsədi – Çempionlar Liqasında qələbəyə nail ola bilməyib. Bekhem 2007-ci ilin iyulunda “Real”dan azad agent qismində ayrılaraq MLS təmsilçisi “Los Anceles Qeleksi”yə keçib.

Futbolçu karyerası zamanı dövrünün xarizmatik oyunçusu olmuş Bekhem İngiltərə yığmasında da lider olub. Devid millidə 1996-cı ilin sentyabrında debüt edib. Yığmada 115 oyun keçirmiş Bekhem 17 qol, 42 məhsuldar ötürmə ilə fərqlənib.

Meydanda əsasən sağ cinah boyunca fəaliyyət göstərmiş Devid Bekhemin əsas silahı, “radioidarə mexanizmli” ötürmələri və cərimə zərbələrinin yüksək ustalıqla yerinə yetirilməsi olub.

Qətiyyətlə demək olar ki, müasir idmançıların, ələlxüsus futbolçuların pop səhnə ulduzları ilə münasibətlərinin dəb təməli Bekhem tərəfindən qoyulub. Məhz Devid Bekhemin dövrün məşhur pop qrupu “Spice Girls”un üzvü, “Posh Spice” təxəllüslü Viktoriya Adamsa münasibətləri və ailə qurması, sonradan digər cütlüklər arasında günümüzə qədər dəb olan ənənəyə çevrilib. Hazırda əksər futbolçular da məhz bu yolla gedirlər – pop səhnəsinin müğənniləri, estrada ulduzları, səhnə modelləri, rəqqasələri, aktrisa və modabazları ilə münasibətlər qurur, ulduz həyatı yaşayırlar.

Bekhem hazırda məşhur argentinalı superulduz Lionel Messinin çıxış etdiyi “İnter Mayami”nin sahiblərindən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaş: