Almaniya yığmasının sabiq hücumçusu, 2014-cü il dünya çempionatının qalibi Miroslav Kloze müasir futboldan danışıb.
Arena.az “Football Tweet” dərgisinə istinadən Klozenin bu xüsusda sözlərini diqqətinizə çatdırır:
“Bu gün gənc oyunçular fərqli şeylər haqqında düşünürlər. Uşaq vaxtı düşündüyüm tək şey, məşq etmək və həmişə sevdiyim bu idman növündə kiməsə çevrilmək idi. “Latsio”da və milli komandada hər məşqdən sonra zədələrdən sığortalanmaq üçün buzla dolu vannada uzanardım. Amma komandadakı gənc futbolçular sistematik olaraq bundan imtina edirdilər. Məşqin sonunda toplarla dolu torbaları yığdığımı görəndə, mənə dedilər ki: “Axı bunu etməyi sənə kim deyir?” Bu zaman dedim: “20 yaşın var və sən 60 yaşlı işçiyə kömək edə bilmirsən?” Onları daha çox butslarının corablarına uyğun olub-olmaması narahat edir. Məhz buna görə də “dayan” dedim. Mənim bildiyim futbol artıq yoxdur.
İndiki gənc futbolçular ilk növbədə avtomobillər, öz sponsorları ilə müqavilələr və yeni butsları haqqında düşünürlər. Yalnız bütün bunlardan sonra futbol gəlir. Onlar üçün sima – imic ən vacib şeydir. Mənim üçün isə əhəmiyyətli olan yeganə şey – futbol idi, özünün ən təmiz formasında futbol”, deyə Kloze duyğusalcasına bildirib.
Xatırladaq ki, Miroslav Kloze futbolçu karyerasını 2016-cı il bitirib. Almaniyalı hücumçu dünya çempionatları tarixində ən çox – 16 qol vurmuş futbolçudur. O, yığmada 137 oyun keçirib, 71 qola imza atıb. 45 yaşlı veteran futbolçu vaxtilə “Latsio”, “Bayern”, “Kayzerslautern”, “Verder” və “Homburq” kimi klublarda forma geyinib.


