Futbol üzrə Fransa yığmasının və İspaniya çempionu “Barselona”nın mərkəz müdafiəçisi Jül Kunde uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçu İspaniya La Liqasının 9-cu turunda “Qranada” ilə heç-heçə (2:2) etdikləri səfər oyununda zədələnib. “Barselona” bu gün futbolçusunun durumu ilə bağlı rəsmi açıqlama yayıb və sol dizindən xəsarət alan müdafiəçinin bir müddət yaşıl meydanlardan kənarda qalacağını bəyan edib. Onun dəqiq bərpa müddəti açıqlanmır. Amma İspaniya mətbuatının yazdığına görə, futbolçu təxminən beş həftə sonra yaşıl meydanlara qayıda biləcək. Belədə fransalı oyunçunun “Real”a qarşı “el klasiko”nu da buraxacağı ehtimal edilir.
Qeyd edək ki, Jül Kunde “Qranada” ilə matçda komanda yoldaşı Qavi ilə toqquşduqdan sonra zədələnib. Bu üzdən də o, 44-cü dəqiqədə əvəzlənib.
Kunde “Barselona”ya ötən ilin iyul ayında 50 milyon avro qarşılığında keçib. O, bu komandada bütövlükdə 51 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə edib. Kunde Fransa yığmasında da 23 oyun keçirib.
“Barselona”da Kundedən başqa Pedri, Frenki de Yonq, Rafinya və Robert Levandovski kimi aparıcı futbolçular da zədədən əziyyət çəkir.


