Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit raundunda Qazaxıstana qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Astanada baş tutan qarşılaşmada yığmamız 2:0 öndə olmasına rəğmən, yekunda məğlubiyyətlə üzləşib – 2:3.
Qarşılaşmadan sonra Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Oyun kifayət qədər gərgin keçdi. Hesabda 2 top fərqi ilə önə keçsək də, üstünlüyümüzü qoruya bilmədik. Rəqib bu gün bizdən daha yaxşı oynadı, qol epizodları çox oldu. Qazaxıstan millisini təbrik edirəm. Uşaqlar sona qədər mübarizə apardılar, əllərindən gələni etdilər. 5-in 4-ə oynayan zaman şanslarımız oldu, amma fərqlənə bilmədik. Növbəti oyunu düşünməliyik. Bakıda Rumıniya ilə qarşılaşacağıq. Bu matçda qələbə qazanmalıyıq ki, mübarizəni davam etdirmək imkanımız olsun. Düzdür, heyətimizdə itkilər olacaq. Bu gün sarı vərəqə alan Eduardo cəzalı duruma düşdü. Əvəzində analoji səbəbdən Astanadakı oyunu buraxan Felipinyo komandaya qoşulacaq”.


