Azərbaycanın iki boksçusu – Malik Həsənov və Mirşərif Kazımzadə Monteneqroda keçirilən boks üzrə Avropa kubokunda yarımfinala yüksəliblər.
Arena.az xəbər verir ki, Monteneqronun Budva şəhərində təşkil olunmuş turnir davam edir.
29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanıb.
İlk görüşündə Bartumey Roskovici (Polşa) mübarizədən kənarlaşdıran Malik Həsənov (63,5 kq) 1/4 finalda fransalı Lounes Hamrauini sınağa çəkib. Gərgin keçən qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Həsənov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Malik 3-cü döyüşündə israilli Ahmat Ştivi ilə üz-üzə gələcək.
75 kq-da Mirşərif Kazımzadə də yarımfinala yüksəlməklə özü üçün ən azı 3-cü yeri təmin edib. Boksçumuz 1/4 finalda Qabriel Debaniçə (Xorvatiya) qalib gəlib. O, döyüşü 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə aktivinə yazıb. Kazımzadə finala gedən yolda rusiyalı Cambulat Bijamovla münasibətinə aydınlıq gətirəcək.
Yarımfinal görüşləri oktyabrın 13-də olacaq.
Ötən gün rinqə çıxan digər boksçularımızdan Şamil Əskərov (57 kq) Qabriel Eskobarla (İspaniya) döyüşdən məğlub ayrılıb. Eldar Quliyev (86 kq) isə Aleksey Alfiorova (Belarus) uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Avropa kubokunun 5-ci günündə millimizin 3 boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Arşak Tovmasyanla (Rusiya), Nəbi İsgəndərov (67 kq) Canluici Malanqa (İtaliya) ilə və Sərxan Əliyev (71 kq) Miroslav Kapulerlə (İsrail) gücünü yoxlayacaq.


