Əliyev qardaşları yarımfinalda! – Tayfur erməniyə qalib gəldi

Tayfur və Sərxan Əliyev qardaşları Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa kubokunda yarımfinala yüksəliblər.

Arena.az xəbər verir ki, ötən gün turnirin 1/4 final mərhələsinə yekun vurulub.

Azərbaycan millisinin daha 2 üzvü yarımfinala yüksəlib.

Tayfur Əliyev (60 kq) Cuzeppe Kanonikonun (İtaliya) ardınca gücünü Rusiyanı təmsil edən Arşak Tovmasyana da göstərib. Boksçumuz erməni əsilli rəqibini 4:3 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda fransalı üçqat dünya çempionu Sofyan Umia ilə döyüşəcək.

Tayfurun uğurunu qardaşı Sərxan Əliyev (71 kq) də təkrarlayıb. 1/8 finalda Toni Cası (İBAN) mübarizədən kənarlaşdırmış boksçumuz ikinci döyüşündə Miroslav Kapulerlə (İsrail) üz-üzə gəlib. Sərxan döyüşün taleyini ilk raundda həll edərək, görüşü tam üstünlüklə aktivinə yazıb. O, yarımfinalda polşalı Damian Durkajla üz-üzə gələcək.

Hər 2 boksçu yarımfinala yüksəlməklə, özləri üçün ən azı bürünc medalı da təmin edib.

Ötən gün riinqə çıxan digər boksçumuz Nəbi İsgəndərov (67 kq) isə ümidləri doğrulda bilməyib. O, Canluici Malanqa (İtaliya) ilə 1/4 final duelindən məğlub ayrılaraq mübarizə dayandırıb.

Qeyd edək ki, Əliyev qardaşları ilə bərabər, Azərbaycan millisinin daha 3 boksçusu final üçün döyüşəcək. Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Malik Həsənov (63,5 kq) Ahmat Ştivi (İsrail) ilə, Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşacaq.

Xatırladaq ki, 29 ölkədən 156 boksçunun qatıldığı Avropa kubokuna sabah – oktyabrın 14-də keçiriləcək final oyunları ilə yekun vurulacaq. Azərbaycan yığması bu turnirə bütövlükdə 10 boksçu ilə yollanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: