Malik Həsənov Avropa kubokunun finalında!

Azərbaycan boksçusu Malik Həsənov Monteneqronun Budva şəhərində təşkil olunmuş Avropa kubokunun finalına yüksəlib.

Arena.az xəbər verir ki, buna 63,5 kq çəkidə mübarizə aparan təmsilçimizin rəqibinin döyüşdən imtina etməsi səbəb olub.

Ahmat Ştivi (İsrail) görüşə çıxmayacağından Malik Həsənov yarımfinalda döyüşmədən finala vəsiqə qazanıb. O, həlledici görüşdə İanus Karavan (Moldova) – Qabil Məmmədov (Rusiya) cütünün üz-üzə gələcək.

Qeyd edək ki, bu gün baş tutacaq yarımfinal görüşündə Azərbaycan millisinin daha 4 boksçusu döyüşəcək. Tayfur Əliyev (60 kq) finala gedən yolda fransalı üçqat dünya çempionu Sofyan Umia ilə döyüşəcək. Tayfurun qardaşı Sərxan Əliyev (71 kq) yarımfinalda polşalı Damian Durkajla üz-üzə gələcək. Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşacaq.

Xatırladaq ki, 29 ölkədən 156 boksçunun qatıldığı Avropa kubokuna sabah – oktyabrın 14-də keçiriləcək final oyunları ilə yekun vurulacaq. Azərbaycan yığması bu turnirə bütövlükdə 10 boksçu ilə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: