Samir Əliyev: “Yenə uduzsaydıq, ərizəmi yazıb getməliydim”

Azərbaycanın U-21 millisinin baş məşqçisi Samir Əliyev AÇ-2025-in seçmə mərhələsində Lüksemburqa qarşı keçiridikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri ev oyunundan sonra bunları söyləyib

“Çətin və ağır oyun oldu. Oyundan əvvəl rəqibi təhlil etmişdik. Bu komanda Şimali İrlandiyanı səfərdə məğlub etmişdi. İlk 20 dəqiqədə futbolçularda həyəcan var idi. Lüksemburq təşəbbüsü ələ almışdı. Buna baxmayaraq, biz öz qolumuzu vurduq. 45-ci dəqiqədə buraxdığımız qoldan sonra oyunçuları ikinci hissəyə hazırlamaq bir az çətin oldu. İkinci hissədə daha üstün oynadıq, qol vəziyyətləri yaratdıq və qalib gəldik”.

Baş məşqçi qapıda Yusif İmanova şans verməsinə də aydınlıq gətirib: “Azərbaycanda gənc, istedadlı qapıçılar var. Yusif də onlardan biridir. Onun Premyer Liqa təcrübəsi var. Bu gün Yusif oynamasaydı, sual yaranacaqdı ki, niyə oynamır? Rza, Rüstəm, Eldar kimi qapıçılar var. Sadəcə bir nüans var ki, bu uşaqlar Premyer Liqa görmür. Bu gün rəqib sürətli oynayırdı. Bu da səbəbsiz deyil. Komandada olan futbolçuların əksəriyyəti əvəzedicilər liqasında oynayır. Orada 10 komandadan 8-i oyunlarını süni meydançada keçirir. Süni örtükdən təbiiyə keçəndə problemlər yaranır, öyrəşmək asan deyil. Hər dəfə belə çətinliklərlə üzləşirik”.

Samir Əliyev U-21-in baş məşqçisi kimi rəsmi oyunda ilk qələbəsini qazanmasına da münasibət bildirib:

“Qrupun autsayderi bizik. Buna baxmayaraq, biz Şimali İrlandiyanı da udmalı idik. Hələ o matçın şokundan ayılmamışam. Bu gün də məğlub olsaydıq, artıq ərizəmi yazıb getməliydim. Çıxış yolu tapmalıyıq. Elə şeylər etməliyik ki, bu uşaqlar daim oynasın. Sabah mənim yerimdə kim olsa, bu əziyyətləri çəkəcək. Ayın 9-u toplandıq. İki məşq keçib Şimali İrlandiya ilə oyuna çıxdıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: