Birinci Liqa: “İrəvan” “İmişli” ilə səfər oyununa çıxmadı

Futbol üzrə Azərbaycan Birinci Liqasının 5-ci turunun açılış oyununda bu gün “İrəvan” səfərdə “İmişli” ilə qarşılaşmalı idi.

Arena.az xəbər verir ki, İmişli şəhər stadionunda keçirilməli olan oyuna saat 15:00-da start verilməsi planlaşdırılmışdı.

Lakin bu oyun baş tutmayıb. Buna qonaq komandanın oyuna çıxmaması səbəb olub. Məsələ burasındadır ki, ciddi maliyyə problemləri olan “İrəvan”ın bəzi futbolçuları səfərə yollanmaqdan imtina ediblər. Komanda üzvləri hələ bir neçə gün öncədən məşqlərə də çıxmaqdan imtina etmişdilər. Onlar maaşların, vəd edilən bonusların tam ödənilməsini tələb edirlər.

İddiaya görə, klub yaradılandan bəri rəhbərlik futbolçulara maaş verməyib. Bu səbəbdən onlar məşqlərə və oyunlara çıxmaqdan imtina edirlər. Rəhbərliyin bu problemi necə yoluna qoyacağı sual doğurur. Əvvəlcə onlar komanda üzvlərinə yarım ayın maaşını ödəməyə hazır olduqlarını bildirsələr də, futbolçular bununla razılaşmayıb. Düzdür, komandanın bəzi futbolçuları İmişliyə yollanmağa razı olsalar da, digərlərinin fikrindən döndərmək mümkün olmayıb. Bu üzdən də “İmişli” ilə səfər oyunu baş tutmayıb.

Qeyd edək ki, Peşəkar Futbol Liqasının əsasnaməsinə görə, bir komanda oyun təyin olunan vaxtdan 30 dəqiqə sonrakı müddətdə stadiona gəlməzsə, oyun baş tutmamış hesab olunur. Həmin oyunun protokolunda bununla bağlı bütün məqamlar qeyd olunur və İntizam Komitəsi rəsmi sənədlər əsasında hadisəni araşdırıb, hüquqi qiymət verir. Böyük ehtimalla AFFA İntizam Komitəsinin qarşıdakı günlərdə baş tutacaq növbəti iclasında “İrəvan”a texniki məğlubiyyət veriləcək.

Artıq Peşəkar Futbol Liqası da bu oyunla bağlı rəsmi açıqlama yayıb. Bəyanatda bunlar qeyd olunub:

“Birinci Liqada 5-ci turun bu gün keçirilməli olan “İmişli” – “İrəvan” görüşü qonaq komandanın oyuna gəlməməsi səbəbindən baş tutmayacaq. Qarşılaşma ilə bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək”.

“İrəvan” Birinci Liqanın lideridir. Komanda buna qədər keçirdiyi 4 oyunda 10 xal toplayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: