Futbol üzrə Cənubi Koreya çempionatında (K Liqa 1) 2023 mövsümünün 34-cü turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası – “Daejeon Hana Sitizen” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Suvon”la üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 1:1.
Anton bu görüşün iştirakçısı olmayıb. Millimizin müdafiəçisinin adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Daejeon Hana Sitizen” bu heç-heçədən sonra 46 xalla 12 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, indiyə qədər bu komandada 29 çempionat matçına çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Futbolçumuz 1 qırmızı və 8 sarı vərəqə də alıb. Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 34 matça çıxıb, 1 qola imza atıb.


