Ataman Güneyligil Azərbaycan millisindən getdi

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ataman Güneyligil ilə yollar ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov jurnalistlərə açıqlamasında məlumat verib.

O, artıq yeni baş məşqçi axtarışına çıxdıqlarını söyləyib: “Yeni baş məşqçinin axtarışı ilə bağlı işlərə başlayırıq. Gənclər və İdman Nazirliyi ilə birlikdə bu sahədə prosesləri nəzərdən keçirəcəyik. Yəqin ki, yeni baş məşqçinin təyinatı məsələsində nəticələr əldə edəcəyik. Son Avropa çempionatının ardından reytinqimiz bir az yaxşılaşıb. Gələcəkdə daha da uğurlu olacağıq”.

Şahin Bağırov yığmanın Avropa çempionatındakı çıxışını da dəyərləndirib: “Avropa çempionatında müəyyən nəticələrimiz olsa da, qrupdan çıxa bilmədik. Amma yaxşı komanda formalaşmışdı. Mərhələ adlaya bilmədiyimiz üçün bu proseslərə daha diqqətlə yanaşmalı olduğumuzu düşündük. Millinin üzvləri kifayət qədər təcrübəli voleybolçulardır, müxtəlif ölkələrdə çıxış edirlər. Yığmada işləmək təcrübəsi olan məşqçi dəvət etmişdik. Qrupdan çıxa bilməməyimizdə rəqiblərin çox güclü olmasının da rolu var idi. Elə bizim qrupdan çıxan Türkiyə yığması Avropa çempionu oldu”.

Xatırladaq ki, Ataman Güneyligil bu il may ayının 15-də Azərbaycan milli komandasının baş məşqçisi təyin olunmuşdu. Türkiyədən olan 41 yaşlı mütəxəssislə 3 aylıq müqavilə imzalanmışdı. Həmin vaxt Avropa çempionatından sonra Ataman Güneyligillə yeni müqavilə barədə danışıqlar aparılacağı açıqlanmışdı. Amma görünür tərəflər yeni müqavilə ilə bağlı ya razılığa gələ bilməyiblər, ya da Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi millimizə yeni baş məşqçi gətirməyə qərar verdiyi üçün onu saxlamaqda maraqlı olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: