Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan Avstraliyanın “Melburn Siti” komandası ilə matçın iştirakçısı olub.
“Buriram Yunayted” bu rəqiblə doğma meydanda qarşılaşıb və 0:2 hesablı məğlubiyyətə üzülüb.
Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu 73-cü dəqiqədə əvəzlənib. Ramil bu oyunda məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.
Hazırda 3 xala malik “Buriram Yunayted” yer aldığı H qrupunda 3-cü pillədə qərarlaşıb. Futbolçumuzun komandası ilk turda Çinin “Qrintaun” komandasına 4:1 hesabıyla qalib gəlmiş, ardından Yaponiya təmsilçisi “Kofu”ya 0:1 uduzmuşdu.
Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.
Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 10 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.


