“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi İsmail Azzaui Premyer Liqanın 11-ci turunda qarşılaşacaqları “Qarabağ”la oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Belçika və Mərakeş vətəndaşlığına malik 25 yaşlı sağ cinah vingeri klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Qarabağ” haqda nəsə demək artıqdır. Bu komanda Azərbaycanın ən məşhur və güclü klublarından biridir. Bizim komandamız da Premyer Liqada keyfiyyətli futbol oynayan kollektivlərdəndir. Əlbəttə, çətin və ağır oyun olacaq. Onlarla birinci dövrədəki matçı xatırlayıram. Son dəqiqəyə qədər hesab 1:1 idi, yalnız əlavə olunmuş dəqiqədə vurulan qol bizim xal qazanmağımıza imkan vermədi. Ona görə əvvəlcədən necə olacağını demək mümkün deyil. Biz də yaxşı nəticə qazana bilərik. Meydana bunun üçün çıxacağıq”.
Qeyd edək ki, “Qarabağ”la oyunun hazırlığını davam etdirən “Araz-Naxçıvan” bu gün növbəti məşqini reallaşdırıb. Zədəli olduğuna görə Qəbələdə yerli komanda ilə matçda meydana çıxmayan İsmail Azzaui də kollektiv çalışmalarda iştirak edir. Bugünkü məşqdən sonra klubun mətbuat xidmətinə açıqlama verən yarımmüdafiəçi hazır olduğunu bildirib:
“Ötən həftə ayağımda problem var idi. Zədəm “Qəbələ” ilə oyunda meydana çıxmağa imkan vermədiyinə görə, komandama kömək edə bilmədim. Bir neçə günlük istirahət və müalicədən sonra artıq kollektivlə birgə məşqlərə qoşulmuşam. “Qarabağ”la oyuna demək olar, 100 faiz hazıram”.
Bu yaydan “Araz-Naxçıvan”da çıxış edən Azzaui Premyer Liqa təmsilçisində 8 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.


