Nicat Abbasov FIDE reytinqdə 5 pillə irəlilədi

Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abbasov FIDE reytinqində növbəti dəfə irəliləyib.

Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası bu gün noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Nicat Abbasov yeni siahıda beş pillə irəliləyib. 2679 xala malik gənc qrosmeyster 58-ci pillədən 53-cü sıraya yüksəlib.

Azərbaycanın digər şahmatçılarından Teymur Rəcəbovun mövqeyi dəyişməyib. 36 yaşlı qrossmeyster 2745 əmsalla 14-cü pillədə qərarlaşıb.

Milli üzvlərindən Şəhriyar Məmmədyarov (2734) ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 16-cı sıraya yüksəlib.

Daha bir azərbaycanlı şahmatçı – Rauf Məmmədov da ilk 100-lüyə qayıdıb. 2644 xala malik şahmatçımız 99-cu sıradadır.

Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2829) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2795) qərarlaşıb. Çinli Dinq Liren (2780) ilk “üçlüy”ü qapayır.

Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə malik olan Günay Məmmədzadə (2441) 29-cudur. Ülviyyə Fətəliyeva (2395) 57-ci, Gövhər Beydullayeva (2383) 68-ci, Gülnar Məmmədova (2350) isə 94-cü sırada qərarlaşıb.

Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. FIDE adından çıxış edən, Bakıdakı Dünya Kubokunun qalibi Aleksandra Qoryaçkina (2567) ikinci, Çinin digər təmsilçisi Yu Venyun (2560) üçüncü yerdədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: