Dünən, noyabrın 2-də İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente məhkəmə qarşısına çıxaraq ifadə verib.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, De la Fuente İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubialesin işi üzrə şahid qismində ifadə verib.
Xatırladaq ki, Luis Rubiales 2023-cü il qadınlar arasında dünya çempionatının finalından sonra qalib İspaniya yığmasının mükafatlandırılması zamanı, İspaniya yığmasının futbolçusu Cennifer Ermosonun dodağından öpmüş və bu əməli ilə böyük mərəkə qoparmışdı.
Məhkəmə zamanı 62 yaşlı mütəxəssis bildirib ki, Rubiales və onun ətrafındakı insanların öpüşlə bağlı vəziyyətə qalmaqallı rəng verməməsi üçün Ermosoya təzyiq göstərməsindən xəbərsizdir. Bundan əlavə, Luis de la Fuente İspaniya yığmasının mətbuat xidmətinin rəhbəri Patrisiya Peresə hadisədən sonra Ermosonun adından Rubialesin davranışına haqq qazandıran məzmunlu bəyanat dərc etməyə məcbur edilməsi üçün ona psixoloji təzyiq göstərilməsindən də xəbərsiz olduğunu bildirib.
Xatırladaq ki, qalmaqal Luis Rubialesin İspaniya Kral Futbol Federasiyasının rəhbəri vəzifəsindən istefası ilə nəticələnib. FIFA isə öz növbəsində Rubialesi 3 il müddətinə futboldan kənarlaşdırıb.


