Şahmat: Millilərimizdən biri qələbəylə, digəri məğlubiyyətlə başladı

Bu gün – noyabrın 11-də Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatı start götürüb.

Arena.az xəbər verir ki, mötəbər yarışda iştirak edən Azərbaycanın yığma komandaları da ilk görüşlərini keçiriblər.

Kişilərdən ibarət yığmamız gözlənilməz şəkildə Danimarkaya məğlub olub. Qadınlardan ibarət millimiz isə Sloveniya üzərində qələbəyə sevinib.

Azərbaycan – Danimarka 1,5:2,5
Teymur Rəcəbov – Yonas Byerres 0,5:0,5
Şəhriyar Məmmədyarov – Mads Anderson 0:1
Rauf Məmmədov – Yesper Tibo 0,5:0,5
Nicat Abbasov – Meller Byorn Oşner 0,5:0,5

Azərbaycan – Sloveniya 2,5:1,5
Ülviyyə Fətəliyeva – Laura Unuk 0:1
Gövhər Beydullayeva – Zala Urx 0,5:0,5
Xanım Balacayeva – Nadya Şpanko 1:0
Gülnar Məmmədova – Barbara Skuhala 1:0

Xatırladaq ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Rauf Məmmədov və Vasif Durarbəyli yer alıblar. Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanıb.

Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova daxildirlər. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevskidir.

9 turdan ibarət olacaq şahmat üzrə Avropa çempionatı noyabrın 21-də başa çatacaq. Kişilərdən ibarət millimiz ikinci turda Slovakiya yığması ilə üz-üzə gələcək. Qadınlardan ibarət yığmamız isə Niderlandla münasibətlərinə aydınlıq gətirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: