“Liverpul”un alman baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 12-ci turunda “Brentford”la oyundan (3:0) sonra turnir cədvəli haqda danışıb.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən istinadən alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Onlar mənə deyənə qədər bu barədə heç düşünməmişdim. Bu, yaxşıdır, amma hələ noyabrdır. Xal baxımından digər komandalarla bərabər olmağımız əladır, çünki hələlik oyunumuz mükəmməlikdən uzaqdır. Mübarizədə nəticə əldə edirik, bəzən çox yaxşı futbol göstərmirik. Qarşıda hələ çox oyunlar var. Mart-aprel aylarına qədər liderlərə yaxın olsaq, o zaman cədvəl haqqında danışa bilərik”, deyə təcrübəli mütəxəssis bildirib.
Yurgen Klopp həmçinin qarşıdakı təqvimlə bağlı danışıb. Xatırladaq ki, beynəlxalq fasilədən sonra, növbəti 13-cü tur çərçivəsində “Liverpul” səfərdə Premyer Liqanın lideri “Mançester Siti”nin qonağı olacaq. Hazırda “şəhərlilər” 28 xalla 1-ci, “Liverpul” isə 27 xalla 2-ci pillədə qərarlaşıb.
“İndi bütün oyunçular yığma komandalara gedəcəklər, sonra bizim “Mançester Siti” ilə oyunumuz var, ona qədər bəlkə də bir dəfə məşq edə biləcəyik. Belə bir oyunu şənbə günü saat 12:30-a (London vaxtı ilə – redaktorun qeydi) necə təyin etmək olar? Düzünü desəm, belə qərarlar verən insanlar sadəcə olaraq futbolu hiss etmirlər. Bu, sadəcə olaraq mümkün deyil. “Liverpul” və “Mançester Siti”nin neçə futbolçusunun yığma komandalara gedəcəyini bilmirəm, amma düşünürəm ki, 30-a yaxındır. Cənubiamerikanlar üçün ayrıca uçuş təşkil edəcəyik. Bu, həqiqətən dəlilikdir”, deyə Klopp təqvimdən narazılığını ifadə edib.


