“Azərreyl” İspaniya klubuna uduzdu, Çelenc kuboku ilə vidalaşdı

Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc kubokunda növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, təmsilçimiz bu turnirin 1/16 final mərhələsi çərçivəsində İspaniyanın “Avarka de Menorka” kollektivi ilə qarşılaşıb.

Azərbaycan klubu bu rəqiblə ilk matçını Bakıda keçirmişdi. Əvvəlki raundda Ukraynanın “Balta” komandasını üstələmiş Bakı klubu bu rəqibinə də ilk oyunda 3:1 hesabıyla qalib gəlmişdi. Təmsilçimiz ispanları cavab matçında da məğlub etməklə 1/8 finala yüksəlməyi hədəfləmişdi.

Komandamız bu turu keçəcəyi təqdirdə növbəti mərhələdə Fransanın “Neptunes Nantes” və Çexiyanın “Olimp Praqa” klublarının qalibi ilə qarşılaşacaqdı. Bu cütün ilk oyununda Fransa təmsilçisi quru hesabla qələbə qazanmışdı.

Lakin təəssüf ki, komandamız ispanlarla cavab görüşündə uğursuz çıxış edib. Hər üç setdə məğlub olan Azərbaycan təmsilçisi Çelenc kubokunda mübarizəni dayandırıb.

Xatırladaq ki, “Azərreyl” 1/32 finalda Ukraynanın “Balta” komandasına hər iki qarşılaşmada qalib gəlmişdi.

Çelenc Kuboku
1/16 finalın cavab oyunu
15 noyabr

“Avarka de Menorka” – “Azərreyl” 3:0 (25:20, 25:23, 25:17)
“Pavello Municipal de Ciutadella”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: