“Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingem ən yaxşı gənc futbolçuya təqdim edilən “Golden Boy” (2023) mükafatının qalibi olub.
Arena.az məlumat verir ki, mükafat ənənəvi olaraq İtaliyanın “Tuttosport” nəşri tərəfindən mövsümün sonunda ən yaxşı gənc futbolçuya təqdim edilir.
Nəşr rəsmi saytında 2023-cü il üçün makafata məhz Cud Bellingemi layiq görüb.
Avropanın ən nüfuzlu qəzetlərindən 50 mötəbər jurnalistdən ibarət beynəlxalq münsiflər heyəti 20 yaşlı futbolçuya mütləq 500 baldan 485 bal verib. Bu isə səslərin düz 97%-dir.
Xatırladaq ki, hazırda PSJ-də çıxış edən fransalı mərkəz hücumçusu Kilian Mbappe 2017-ci ildə “Golden Boy” mükafatının qalibi olanda eyni faiz nəticəsini göstərib (300 səsdən 291 səs). Amma o zaman münsiflər heyəti üzvlərinin sayı 50 deyil, 30 idi.
Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.
Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Cari mövsümdə Bellingem “qaymaqlılar”ın heyətində 14 oyunda 13 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Gənc yaşına rəğmən, Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. Cud yığma komandanın heyətində 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, hazırda Bellingem aldığı yüngül çiyin zədəsini sağaltmaqla məşğuldur və gənc istedadın iki həftəyə qədər yaşıl meydanlardan kənarda qalacağı təxmin edilir.


