Liqa 1 təmsilçisi “Havr” Qana yığmasının sol vingeri Andre Ayyu ilə müqavilə imzaladığı haqda müvafiq bəyanat yayıb.
Arena.az məlumat verir ki, Ayyunun Fransa təmsilçisinin düşərgəsinə keçməsi azad agent qismində baş tutub.
Andre yayda “Nottingem Forest”dən ayrılandan bəri, klubsuz idi. Ayyu “Havr”la cari mövsümün sonuna qədər qüvvədə olacağ müqaviləyə imza atıb.
Ayyunun Marsel “Olimpik”indən başlayan yolu “Loryan”, “Arl-Avinyon”, “Suonsi”, “Vest Hem”, “Fənərbaxça”, “Əl-Sədd”, “Nottingem Forest” klublarından keçib.
Qanalı vinger cari mövsümdə hələ yeni komandasının heyətində debüt etməyib. Futbolçunun beynəlxalq fasilədən sonra debüt edəcəyi gözlənilir.
Andre Ayyu 2007-ci ilin avqustun 21-də debüt etdiyi Qana yığmasının heyətində 114 oyuna 24 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Andre Qananın U-20 yığması ilə 2009 Afrika Kubokunun və 2009 Dünya Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı Andre Ayyunu 1,2 milyon avro məbləğində qiymətləndirir.


