İspaniya İdman İnzibati Məhkəməsi (TAD) İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubialesə cəza kəsib.
Arena.az “Iusport” dərgisinə istinadən məlumat verir ki, TAD Luis Rubialesi 3 il müddətinə futboldan kənarlaşdırıb.
TAD Luis Rubialesi İspaniyanın qadınlardan ibarət milli komandasının futbolçusu Cenni Ermosonu dodağında razılıqsız öpdüyünə, habelə İspaniya Kral ailəsinin hüzurunda paçasından yapışaraq sevincini ifadə etdiyi nalayiq hərəkətinə görə hər biri 1 il yarım (ümumilikdə 3 il) olmaqla iki sanksiya ilə cəzalandırıb.
Xatırladaq ki, sentyabrda İspaniya Milli Məhkəməsi vəzifəsindən istefa vermiş Luis Rubialesə qarşı cinayət işi açıb. Oktyabrın sonunda isə FIFA Cenni Ermoso ilə məlum öpüş qalmaqalına görə, Rubialesi 3 il müddətinə futboldan kənarlaşdırıb. Vurğulayaq ki, daha əvvəl Luis Rubiales FIFA-nın bu qərarına qarşı etiraz yürütmək fikrində idi.


