AFFA rəhbərliyi futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə bağlı sabah qərar verəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, sabah – noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
Qurumun binasında təşkil olunacaq toplantı saat 10:00-da başlayacaq. İclasda millimizin AÇ-2024-ün seçmə mərhələsindəki çıxışı və italiyalı mütəxəssisin Belçika ilə son görüşün ardından idman jurnalistləri barədə səsləndirdiyi nalayiq fikirlər müzakirə olunacaq.
AFFA rəhbərliyinin sabahkı yığıncaqda Canni De Byazi ilə noyabrın sonuna qədər olan müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edəcəyi gözlənilir.
Rəsmi açıqlamada iclasın gündəliyinə yalnız bir məsələnin daxil olunduğu diqqətə çatdırılıb:
- Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırlıb-artırlımama məsələsi.
Xatırladaq ki, Canni De Byazi 2020-ci ilin 30 iyunundan Azərbaycan milli komandasına rəhbərlik edir. Yığmamız onun rəhbərliyi altında 39 oyun keçirib. Komanda bu oyunlarda 10 qələbə qazanıb, 8 heç-heçə edib və 21 məğlubiyyətə üzülüb. AFFA rəhbərliyi sonuncu dəfə 2022-ci ilin oktyabr ayında onunla bir illik yeni müqavilə bağlamışdı. Müqaviləyə əsasən, De Byazi AÇ-2024-ün seçmə mərhələsinin sonuna – 2023-cü ilin 30 noyabrına qədər yığmamıza rəhbərlik etməliydi.


