“Difai Ağsu” Şamaxıya “köçdü” – PFL-dən rəsmi açıqlama

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Difai Ağsu” komandası bu mövsüm ev oyunlarını Şamaxıda keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, adıçəkilən klub quruma məsələ ilə bağlı müraciət ünvanlayıb. Ağsu şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar komanda ev oyunlarının Şamaxı şəhər stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib.

PFL öz növbəsində təmir işləri yekunlaşana qədər “Difai Ağsu”nun rəqiblərini Şamaxıda qəbul etməsini qərara alıb.

Qeyd edək ki, Ağsu təmsilçisi bu mövsüm Birinci Liqanın aşkar autsayderidir. Komanda geridə qalmış 8 turda cəmi 1 xal qazana bilib və 10 iştirakçı arasında sonuncudur. Sözügedən kollektiv çempionatdakı növbəti oyununu sabah səfərdə “İrəvan”a qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: