Bekhem Messinin “İnter Mayami”dəki gələcəyindən danışdı

“İnter Mayami”nin sahibi Devid Bekhem argentinalı ulduz, hücumçu Lionel Messinin amerikan klubunda gələcəyi ilə bağlı fikirlərini paylaşıb.

Arena.az bu barədə “ITASportPress” dərgisinə istinadən məlumat verir:

“Mən onun bizimlə qalmasını istəyirəm, onun siması oyunçuları cəlb edir, klubun cəlbediciliyini və nüfuzunu artırır. Mən onun ABŞ-da futbolun inkişafına kömək etməsini istəyirəm. Düşünürəm ki, onun özü belə bir çağırışda maraqlı olacaq”, deyə Bekhem bildirib.

Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, oktyabrın 30-da Fransanın “France Football” nəşri ötən mövsümün ən yaxşı futbolçusuna mükafatın təqdim edilməsi mərasimini təşkil edib. Səsvermənin nəticələrinə əsasən, Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Xəbəri sosial şəbəkələrdə paylaş: